10/01/2023
İmic və reputasiya anlayışları o qədər bir-birinə qarışıb ki, hətta bəzən marketinq mütəxəssisləri onları sinonim kimi qələmə verirlər. Əslində bu alətlər biznesin inkişafına müxtəlif yollarla təsir göstərir.
Şirkət imici - şirkət haqqında kənar müşahidəçinin mövqeyindən yaranan ilk təəssüratdır. Buna reklam, mediada çıxan xəbərlər, şayiələr və s. mənbələrdən əldə edilə bilən hər hansı məlumatlar təsir edir.
Yəni, birbaşa əlaqəsi olmayanların fikrində həmin müəssisə və ya qurumun subyektiv portretidir. Onun məqsədi simpatiya yaratmaqla, şirkətə və onun məhsuluna qarşı emosional reaksiya oyatmaqdır. Güclü imic brendə kütlədən fərqlənməyə, öz yerini tutmağa, yeni müştərilər, tərəfdaşlar və ya işçilər cəlb etməyə kömək edir. O, korporativ şəxsiyyət, PR, reklam, internet və digər vasitələrdən istifadə etməklə müstəqil şəkildə yaradıla bilər.
İmicdən fərqli olaraq, reputasiya bir şirkət və ya brend haqqında artıq formalaşmış fikirlərin məcmusudur. Bu, məhsul və ya xidmətdən istifadə, işçilərlə ünsiyyət və mübahisələrin həlli təcrübəsinə əsaslanır. İnsanlar real hərəkətləri qiymətləndirir və bu məlumatlara əsaslanaraq əməkdaşlıq haqqında qərar qəbul edirlər. Yaxşı reputasiya bir növ biznesin etibarlılığının təminatıdır, şirkətin etibarlı olmasının əlamətidir.
Hər ikisi arasındakı fərqi daha aydın görmək üçün aşağıdakı cədvələ də baxa bilərsiniz.
Hansı daha vacibdir: imic yoxsa reputasiya?
Bu alətlərin hər ikisi bir-birini əvəz etməməli, birlikdə mövcud olmalıdır. Birincisi insanları bizneslə tanış edirsə, ikincisi müştəriləri saxlamağa və onların etibarlılığına inandırmağa kömək edir.
Əgər siz sabit və müsbət şirkət imicini yaratmağı bacarmısınızsa, növbəti addım onu reputasiyasını gücləndirmək olmalıdır.
Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Biz çox zaman imicə daha çox önəm veririk. Reputasiya isə bəzi hallarda önəm daşımır. Buna baxmayaraq hər ikisinin də uğurlu şəkildə istifadə edildiyi qurumlar da var. Məsələn, ASAN Xidmət, Huner Group.
Sizin fikrinizcə başqa hansı şirkətləri misal çəkmək olar?